Yan 24, 2022 12:05 Asia/Baku
  • Armen Sarkisyanın istefasının mümkün səbəbləri

Ermənistan prezidenti Armen Sərkisyanın ötən gün axşam gözələnilmədən istefa verdiyini elan etməsi siyasi dairələrdə və ekspert çevrələrində ciddi çaşqınlıq yaradıb. Ekspertlər və politoloqlar, siyasətçilər bu istefanın mümkün səbəbləri barədə ən müxtəlif fərziyyələr irəli sürürlər.

Müxalifətdə olan “Ermənistan” blokundan deputat Artur Kazinyana görə Sərkisyanın istefasının geosiyasi mənası var. Onun sözlərinə görə, aydın deyil ki, istefa barədə nəyə görə məhz indi, bazar günü axşam elan edilib.

Deputatın fikrincə bir məsələ mübahisəsizdir ki, Ermənistanda siyasi dəyişiklik baş verib və hadisələrin sonrakı inkişafı hakimiyyətin tam dəyişməsi ilə nəticələnə bilər. Ona görə də Kazinyan hesab edir ki, “ayıq-sayıq və diqqətli olmaq lazımdır”.

Digər müxalif siyasətçi, keçmiş baş nazir və Demokrat partiyasının başçısı Aram Sərkisyan isə hesab edir ki, Armen Sərkisyan “Türkiyə ilə təhlükəli ittifaqın iştirakçısı olmaq istəmədiyi üçün” istefa verib.

 

“Son aylar cərəyan edən hadisələr, Türkiyə ilə barışığa tərəf kəskin dönüş, üstəlik tam əsassız olaraq, hesab edirəm ki, Sərkisyanı istefa verməyə məcbur etdi”, - o deyib.

Politoloq Stepan Danielyan da hesab edir ki, Armen Sərkisyan istefa verməklə Paşinyanın hansısa sənədi imzalamasına mane olmaq istəyir. “Versiyalardan biri budur ki, hansısa sənəd hazırlanır və o prezident kimi həmin sənədin altına imza atmaq istəmir. Sərkisyan prezidentin təsir göstərə bilmədiyi hansısa siyasi dəyişikliklərdən danışır, ola bilsin hakim qüvvə Konstitusiyaya hansısa dəyişikliklər hazırlayır”, - Danielyan deyib.

 

Rusiyalı politoloq Andrey Areşev isə hesab edir ki, Armen Sərkisyanın istefası 2015-ci ildə qəbul edilmiş konstitusiyadan və 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra yaranmış indiki hüquqi-siyasi konfiqurasiyaya uyğundur.

 

Areşev qeyd edir ki, Sərkisyan məhdud səlahiyyətlərə malik olsa da Ermənistanın maraqları üçün maksimum faydalı olmağa çalışırdı, onun çoxillik siyasi stajı və xaricdə əlaqələri vardı. Amma onun imkanları Paşinyanın hökuməti üçün gərəksiz oldu.

Rəylər göründüyü kimi müxtəlifdir, amma görünən odur ki, Ermənistanda hökm sürən siyasi böhran dərinləşərək yeni mərhələyə daxil olur. Və taktiki baxımdan Paşinyan Sərkisyanın istefasından uda və mövqelərini möhkəmləndirə, prezident postuna öz adamını yerləşdirə (parlamentdəki qüvvələr nisbəti buna imkan verir) bilər. Amma uzunmüddətli perspektivdə bu istefa Paşinyana nə dərəcədə faydalı olacaq, bunu izləmək lazımdır.

Politoloq Elxan Şahinoğlu isə Armen Sarkisyanın bu qərarla əslində Paşiniyanın qərarlarını pozmuş olub:

“Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində Armen Sərkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil”,- Elxan Şahinoğlu deyib.

 

Teqlər