Ermənistan Azərbaycanı sülh müqaviləsi üzrə danışıqlara çağırıb
Dünən Ermənistan Təhlükəsizlik Şurası Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.Görüş zamanı Qarabağdakı vəziyyət son dərəcə gərgin olaraq qiymətləndirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanı "hərtərəfli sülh müqaviləsi üzrə danışıqlara dərhal başlamağa" dəvət edib.
Eyni zamanda Yerevan Bakını Qarabağda etnik təmizləmə aparmaqda ittiham və beynəlxalq ictimaiyyəti bunun qarşısını almağa çağırdı.
Bu bəyanatla bir vaxtda ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Qarabağdakı vəziyyəti müzakirə edib. Görüşdə ATƏT-in Minsk Qrupunun himayəsi altında Azərbaycanla sülh danışıqlarının aparılmasının zəruriliyi müzakirə olunub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti isə bu gün bir bəyanatda Ermənistan Təhlükəsizlik Şurasının hərtərəfli sülh müqaviləsi üzrə danışıqlara çağırması ilə bağlı dünənki açıqlamasına münasibət bildirib.
Azərbaycan Respublikası XİN Ermənistanla sülh sazişinin imzalanması təklifini hələ bir il öncə irəli sürdüyünü yada salıb: “Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman konkret addımlara keçmək zamanıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır”, - Azərbaycan Respublikası XİN-in bəyanatında deyilir.