Lavrov Minsk Qrupunun taleyini qaranlıq görür
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib ki, Rusiya İrəvan və Ankara arasında münasibətlərin normallaşmasını alqışlayır.
Cənubi Qafqazda regional əməkdaşlıq, “3+3” platformasının uğurla fəaliyyətə başlamasından danışan Lavrov bildirib ki, bu platforma dialoqun qurulması və çoxplanlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır: “Biz Gürcüstanın bu peskpektivli formata qoşulmasında maraqlı olduğumuz təsdiq etdik”
Sergey Lavrov ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də münasibət bildirib. O bu qrupun gələcək taleyinin necə olacağını bilmədiyini deyib və bunun səbəbi kimi həmsədr dövlətlər - ABŞ və Fransanın rusofob siyasətini göstərib.
Onun sözlərinə görə, rusofob əhval-ruhiyyədə olan fransalı və amerikalı tərəfdaşları Rusiya Federasiyası ilə bağlı olan hər şeyi ləğv ediblər, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr üçlüyündən də imtina ediblər və bəyan ediblər ki, Rusiya ilə bu formatda danışmayacaqlar.
Lavrov vurğulayıb ki, əgər onlar Cənubi Qafqazdakı maraqlarını qurban vermək istəyirlərsə, bu, onların seçimidir.
Lavrov əlavə edib ki, bu yanaşma Rusiyanı ruhdan salmayacaq və Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli formatda əldə etdiyi razılaşmaların icra olunmasına töhfə verməyə qərarlıdır.
Lavrov Cənubi Qafqazda regional əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun növbəti iclasının bu ay Moskvada keçiriləcəyini də bildirib.
O deyib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılması üçün heç bir problem yoxdur.
“Bildiyiniz kimi, bununla bağlı prinsipial razılıq ötən ilin noyabrında Soçidə əldə olunub. Ümid edirik ki, ən yaxın vaxtlarda belə komissiya yaradılacaq. Bizim qiymətləndirmələrimizə görə komissiyanın yaradılması yolunda hansısa maneə müşahidə etmirik”,- Rusiya XİN başçısı bildirib.