Apr 15, 2022 12:01 Asia/Baku
  • ABŞ Minsk Qrupunun roluna təkid etdi; Rusiya xüsusi nümayəndə təyin etdi

ABŞ hərtərəfli sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupu vasitəsi ilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Ned Prays əlavə olaraq deyib ki, ABŞ uzunmüddətli sülh üçün tərəfdaşları ilə ikitərəfli əməkdaşlığa hazırdır.

Rusiya isə Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin edib.

Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - Zaxarova qeyd edib.

Ötən həftənin sonlarında Rusiyanın XİN başçısı Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupu çərçivəsində Moskva ilə əməkdaşlıqdan imtina etdiklərini bildirmişdi.

Dünən isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunun sədri qismində Moskva ilə əməkdaşlıqdan "imtina etdiyi" haqqında bəyanatını təkzib edib.

Beləliklə ABŞ-ın Minsk Qrupunun fəaliyyətinin davam etməsinə olan təkidlərinə rəğmən demək olar ki, Minsk qrupu de-fakto mövcud deyil. Rusiya xüsusi nümayəndə təyin etməklə qərbi səbəbkar təqdim etsə də qrupdan ilk özü çıxmış olub. Eyni zamanda Azərbaycan Respublikası da tərəflərdən biri olaraq MQ-nin fəaliyyətinə artıq səbəb qalmadığını bildirib.

Rusiya Azərbaycan Respublikası və Ermənistan arasında ikitərəfli danışıqların da  əleyhinə olmadığını bildirir. Mariya Zaxarova deyib ki, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə imkan vermir və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir.

"Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə danışıqların başlanmasında əsas rolunu oynamaqdadır. Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır", - deyə o bildirib.

Teqlər