Apr 19, 2022 11:06 Asia/Baku
  • Putin Moskvada Paşinyanla danışıqlar aparır

Rusiya lideri bu gün Ermənistanın baş naziri ilə üçtərəfli sazişlərin icrasını, həmçinin regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edir.

SəhərAzəri-nin məlumatına əsasən, liderlər Brüssel formatının perspektivini və Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına köməklik göstərməsi ətrafında fikir mübadiləsi aparacaqlar.

Xatırladaq ki, Moskva səfərindən bir gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Twitter-də bildirib.

"Brüsseldəki son müzakirələrimizin davamı olaraq Baş nazir Nikol Paşinyan ilə danışdım. Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün onun və digər göstərilən bütün səyləri tam dəstəkləyirik", - deyə Mişel qeyd edib.

Qərb dövlətlərinin Cənubi Qafqazda fəallaşması Rusiyanın diqqətindən kənarda qalmayıb və Rusiya heç bir vəchlə təşəbbüskarlığı əldən vermək istəmir. Ona görə də Minsk Qrupunun faktiki olaraq buraxılmasından sonra Kreml tərəfindən xüsusi nümayəndənin təyin edilməsi, bu gün isə Nikol Paşinyanın Moskvaya çağırılması onun proseslərə olan həssasiyyətini göstərir. 

Ona görə də bu, Paşinyan üçün 2020-ci ilin 10 noyabrından üzü bəri keçirdiyi görüşlər içərisində, bəlkə də, ən gərgini və həlledicisi olacaq. Moskvada hesab edirlər ki, Qərbi sülh danışıqlarına cəlb etməyə çalışan Paşinyan Putinin zəmanəti ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmalıdır.

Eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin tezliklə açılması üçün Putinin bu görüşdə Paşinyana təzyiqlərini artırcağını gözləyə lazımdır. Çünki bu xətlərin işə düşməsi indi Ukraynaya hücumuna görə Qərbin sərt sanksiyalarına və blokadasına məruz qalan Rusiyanın özü üçün hamıdan daha çox gərəklidir.

Teqlər