May 05, 2022 18:18 Asia/Baku
  • Ermənistan TŞ katibi Brüssel görüşündən danışdı

Bu gün Yerevanda keçirilən brifinqdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə mayın 2-də Brüsseldə keçirilən görüşünün yekunlarını şərh edib.

SəhərAzəri-nin məlumatına əsasən,Armen Qriqoryan deyib ki, sülh danışıqları "5+6" gündəliyi əsasında, yəni Bakının təklif etdiyi bəndlərə Yerevanın irəli sürdüyü 6 bəndin əlavə edildiyi gündəlik əsasında başlamalıdır.

“Müzakirələrimiz zamanı bu iki paketin birləşdirilməsi ideyasının qəbul edilmədiyini görməmişəm. Azərbaycan tərəfi bunu başa düşür, bütün digər beynəlxalq tərəfdaşlar bunu başa düşür. Başqa sözlə, "5+6" bəndləri əsasında sülh danışıqlarının başlaması legitim yanaşmadır və biz qarşılıqlı anlayış gördük", deyə Qriqoryan bildirib.

Onun sözlərindən aydın olub ki, bu məsələlər razılaşdırıldıqdan sonra mümkün Paşinyan-Əliyev görüşündən danışmaq olar. Hələlik isə belə bir görüş planlaşdırılmır.

Qriqoryanın bəhs etdiyi "5+6" düsturu Azərbaycanın təklif etdiyi prinsiplərin (5) Ermənistanın təklifləri ilə (6) birləşdirilməsini nəzərdə tutur.

Azərbaycan suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasında, gələcəkdə ərazi iddialarından imtinada, beynəlxalq səviyyədə tanınmış sərhədlərin (sovet dövrünə əsasən) delimitasiyasında və demarkasiyasında, sülh müqaviləsinin bağlanmasında israr edir.

Ermənistan tərəfi bunu qəbul edir, Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini tələb edir. Qriqoryanın sözlərinə görə, bu məsələlər Azərbaycanla müzakirə olunur.

Qriqoryan həmçinin Ermənistan və Azərbaycan arasında anklavların qaytarılmasının baş tutmayacağı, 90-cı illərin əvvəllərində işğal edilmiş üç Azərbaycan anklavının və bir Ermənistan anklavının mübadilə edilməyəcəyi barədə fikir bildirib.

Azərbaycan tərəfi hələlik Brüsseldəki görüşün yekunları və Qriqoryanın bu bəyanatı ilə bağlı şərh verməyib. 

 

 

 

 

Teqlər