Gürcüstan Prezidenti Ukraynanın yersiz tələblərini qınayıb
“Ukraynalılar bəzən tərəfdaşlarından daha çox şey istəyirlər”. Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində deyib.
SəhərAzəri-nin məlumatına əsasən, S.Zurabişvili bildirib ki, ukraynalılar Gürcüstanın silah yardımı etməsini, ikinci cəbhə açmasını istəyiblər, lakin bu, mümkün deyil.
“Ukraynalılar bəzən tərəfdaşlarından daha çox şey istəyirlər, təkcə Gürcüstandan deyil. Onların müxtəlif tərəfdaşlara qarşı sərt ifadələri olub. onlar Gürcüstandan da silahlar qəbul etmək, Gürcüstanın ikinci cəbhə açmasını istəyərdilər. Bütün bunlar elə də mümkün deyil”, - deyə Prezident vurğulayıb.
S. Zurabişvili qeyd edib ki, hazırda Gürcüstanın iki regionu işğal altındadır və onlardan biri Rusiyaya birləşməklə bağlı referendum keçirilməsi haqqında danışır. Prezident əlavə edib ki, bütün bunları nəzərə alaraq Gürcüstan hökumətinin mövqeyi olduqca realistdir:
“Aydındır ki, biz ehtiyatlı olmalıyıq. Çünki bizim vasitələrimiz çox deyil, heç kim Gürcüstanı eyni qaydada dəstəkləməyə hazır olmayacaq. Amma bu heç bir halda bizim həmrəyliyimizin səviyyəsini dəyişdirə bilməz”.