İrəvanın Bakıya təklifi yayıldı
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İrəvanın Bakıya sülh danışıqlarının başlanması üçün 6 təklifini yayıb. Bu barədə erməni mediası yazıb.
SəhərAzəri-nin məlumatına əsasən,təkliflər bunlardır:
1. Birinci bənddə qeyd olunur ki, martın 11-də biz Azərbaycandan müqavilə ilə bağlı təklif almışıq, ona cavab veririk.
2. Ermənistan Respublikası heç vaxt Azərbaycana qarşı ərazi iddiasında olmayıb və indi də deyil.
3. Ermənistan tərəfi üçün Dağlıq Qarabağda ermənilərin təhlükəsizliyi, onların azadlığı və hüquqları, o cümlədən Dağlıq Qarabağın son statusu prinsipial məsələdir.
4. Ermənistan tərəfi Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası Baş naziri və Rusiya Federasiyası Prezidentinin 9 noyabr bəyannaməsinin, 11 yanvar və 26 noyabr (hərbi əsirlərin qaytarılması və yolların açılması) bəyanatlarının öhdəliklərinin icrasını vacib sayır.
5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.
6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin martın 14-də açıqladığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün Ermənistana təqdim olunan təklifləri isə bunlardan ibarət olmuşdur:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu təklifləri mətbuata açıqlayarkən bildirmişdi ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov isə mayın 10-da jurnalistlərə verdiyi açıqlamada Ermənistanın təklifləri barədə belə demişdi:”Sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunun Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi”.