Laboratoriyalar məsələsi böyüyür
Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yaydı
Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayaraq qeyd edib ki, Ukraynada biolayihələrdə iştirak edən strukturların Ermənistanda olması diqqətlə təhlil edilməlidir.
SəhərAzəri-nin məlumatına əsasən, diplomatik nümayəndəliyin bəyanatında qeyd olunur ki, ABŞ və müttəfiqləri Rusiya sərhədlərinin bilavasitə yaxınlığında, Ermənistanda nə etdiklərinin izahatını vermirlər. Və bu amil Rusiyanın bioloji təhlükəsizliyinin təmin edilməsi kontekstində nəzərdən keçirilir.
Səfirlik onu da qeyd edib ki, Rusiya bioloji təhlükəsizlik sahəsində Ermənistanla məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir.
Aprelin 9-da İrəvanda ABŞ səfirliyinin yaxınlığında "Alyans" partiyasının gənclər birliyi aksiya keçirib.
Onlar Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyalarda beynəlxalq monitorinqlərin aparılmasını tələb ediblər.
Ernəni gənclərin iddiasına əsasən, Ermənistanda 12 bioloji laboratoriya mövcuddur ki, onların 3-ü İrəvanda, digərləri isə başqa regionlarda fəaliyyət göstərir.
Xatırladaq ki, Rusiya rəsmiləri ABŞ-ın Ukraynadan sonra Qafqazda, konkret olaraq Gürcüstan, Azərbaycan və Ermənistanda təhlükəli biolayihələr həyata keçirdiyini bəyan edirlər. Konkret olaraq hər üç ölkədə Rusiya əleyhinə bioloji laborotoriyalar qurulduğu deyilir.
İlk dəfə yanvarın 22-də “Rossiya-24” telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Sənədli filmdə Azərbaycanda da belə laboratoriyaların mövcudluğu qeyd olunub. Filmdə Ermənistandakı laboratoriyalar haqda da söhbət açılır.
Rusiya hökuməti təkcə Ukraynada 30 bioloji laboratoriya yaradıldığını və bununla bağlı ciddi faktlar topladığını bildirir.