Ermənistan Brüssel görüşü barədə Rusiyaya hesabat verdi
Üçtərəfli bəyanatların müddəalarına əməl olunacaq
Ermənistanın XİN başçısı Rusiyanı əmin edib ki, İrəvan üçtərəfli bəyanatların müddəalarına sadiqdir.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Əliyev-Paşinyan arasında keçirilmiş Brüssel görüşündən dərhal sonra rusiyalı həmkarı Sergey Lavrovla telefonla Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına toxunublar.
İki ölkənin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.
Mirzoyan dünyada sülh və sabitliyin bərqərar olması, eləcə də Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistanın mövqeyini bir daha təkrarlayıb.
Xatırladaq ki, mayın 22-də Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Brüssel görüşündən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti deyib: “liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.”
Mişelin dediyinə görə liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.