İyun 06, 2022 11:49 Asia/Baku
  • Ermənistan müxalifəti bu gün üçün aksiya planlaşdırır

Ermənistanda bir neçə gündür davamlı etiraz aksiyaları keçirən müxalifət fəalları xaricdəki havadarlarından yardım istəyəcək. Bu barədə Ermənistan mətbuatı yazıb.

SəhərAzəri-nin məlumatına əsasən,“Ermənistan” fraksiyasının feysbuk səhifəsində bildirilir ki, müxalifətin növbəti mitinqi iyunun 6-da saat 19:00-da “Fransa” meydanında baş tutacaq.

 “Müqavimət” hərəkatının liderlərindən biri, müxalif “Ermənistan” fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan deyib ki, hərəkat qarşıdan gələn həftəyə hazırlaşır. O əlavə edib ki, gələn həftə Ermənistana çoxsaylı beynəlxalq nümayəndə heyətləri gələcək və bu istiqamətdə işlər aparılacaq.

Qeyd edək ki, iyunun 3-də İrəvanda aksiyaçılarla polislər və “qırmızı beretlilər” arasında toqquşma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən və yüngül səsli qumbaraatanlardan istifadə ediblər. Kütləvi iğtişaşların təşkili faktları ilə bağlı cinayət işi başlanıb.

Toqquşmalar zamanı polis əməkdaşları da daxil olmaqla 60 nəfər xəsarət alıb.

“Müqavimət” hərəkatının koordinatoru, Ermənistan Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan isə feysbuk səhifəsində iddia edib ki, indiyədək müqavimət hərəkatının 2 100 nəfərdən çox üzvü müxtəlif polis bölmələrinə aparılıb ancaq onların heç də hamısının saxlanılması polis tərəfindən sənədləşdirilməyib. İşxan Saqatelyan saxlanılanların sayının 2 500 nəfərə yaxın olduğunu bildirib.

Teqlər