İyun 09, 2022 16:46 Asia/Baku
  • Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın əleyhinə fikir səsləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Xocalı rayonunun Fərrux kəndi ətrafında yaranmış vəziyyət barədə suala cavabında Lavrov bildirib ki, Fərruxdakı hadisənin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir.

“Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”, - Rusiyanın baş diplomatı vurğulayıb.

Lavrovun Azərbaycanın Qarabağ regionunda hansısa delimitasiya prosesindən danışması diqqət çəkib.

Belə fikir formalaşır ki, Rusiya öz hərbçilərinin nəzarətində olan ərazilərə Azərbaycan Respublikası əraziləri kimi baxmır çün ki, delimitasiya iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi üçün aparılan prosesdir. Lavrov Qarabağı Azərbaycandan ayrı hesab edirsə görəsən onu Ermənistan ərazisi yoxsa Rusiyanın bir hissəsi kimi nəzərə alır?

Azərbaycanla Ermənistan arasında yaradılmış müvafiq komissiya məhz iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi ilə məşğul olur. Qarabağ, Xankəndi, Fərrux kəndi Azərbaycan ərazisi olduğu üçün Lavrovun haqqında danışdığı delimitasiya prosesi mənasız olduğu qədər də düşündürücüdür. Bu, Rusiyanın məsələn, Dağıstan, Çeçenistan və digər əraziləri ilə delimitasiyası deməkdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Sergey Lavrovun bu açıqlamasında cavab olaraq qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, - XİN rəsmisi vurğulayıb.

Teqlər