İyun 14, 2022 10:30 Asia/Baku
  • “Qarabağ məsələsi mühüm, ən aktual məsələdir”

Ermənistanın baş naziri bəyan edib ki, Qarabağ məsələsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan Qətərə rəsmi səfəri zamanı Əl-Cəzirə telekanalına müsahibəsində deyib: “2020-ci il noyabrın 10-da Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanat Dağlıq Qarabağda zorakılığın dayandırılması üçün atılan addımdır, amma qeyd etməliyəm ki, bu bəyanatda Qarabağ məsələsinə toxunulmayıb və Qarabağ məsələsi ayrıca həll olunmalıdır və ümid edirik ki, qarşıdakı vaxtlarda biz Qarabağ problemini də həll edə biləcəyik”.

Baş nazir bildirib ki, bu yaxınlarda Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya yarandı və bu işi davam etdirmək çox vacibdir. “Ümid edirik ki, beynəlxalq tərəfdaşlarımızın dəstəyi və təbii ki, birbaşa işimizlə biz sərhədlərimizi delimitasiya edə biləcəyik”, - deyə Paşinyan vurğulayıb.

“Sərhəd komissiyası Qarabağın bütün ərazisinin Azərbaycana məxsus olmasına qərar verərsə, Ermənistanın mövqeyi necə olacaq” sualına Ermənistanın baş naziri belə cavab verib: “Sərhədin delimitasiyası komissiyasının Qarabağ məsələsi ilə heç bir əlaqəsi yoxdur, ikinci məsələ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır. Regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması müzakirə olunur. Amma təbii ki, Ermənistanla Azərbaycan arasında və regionumuzda sülhün bərqərar olması üçün ən vacib və ən aktual məsələ Qarabağ məsələsidir”.

Nikol Paşinyan müsahibənin sonunda Rusiyanın üçtərəfli bəyanatın qarantı rolunu vurğulayıb. “Rusiya Ermənistanın strateji tərəfdaşı və müttəfiqidir, lakin Rusiya da Azərbaycan üçün çox yaxın ölkədir”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Teqlər