Avq 27, 2022 12:22 Asia/Baku

Ermənistanın Xarici İşlər Nazirliyi ATƏT Minsk Qrupunun ləğv edilmədiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, nazirliyinin sözçüsü Vaan Hunanyan ARMENPRESS Xəbər Agentliyi ilə müsahibədə Vaşinqtonun yeni amerikalı həmsədr təyin etməsinə Azərbaycanın reaksiyasını şərh edərkən bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi Dağlıq Qarabağ münaqişəsinin davamlı və hərtərəfli həllinə dəstək vermək üçün beynəlxalq mandata malikdir və bu qrupun mandatını heç kim ləğv etməyib.

Avqustun 25-də Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edib, o, eyni zamanda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Blinkenin dediyinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi götürür.

“Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək”, – deyə o bildirib.

Bununla əlaqədar Azərbaycan XİN Blinkenin açıqlamasına sərt münasibət bildirib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu xüsusda deyib: “ABŞ dövlət katibi Entoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki postmünaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur. Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun ”reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir".

Teqlər