Nikol Paşinyan hökumətin iclasında deyib ki,
Ermənistan Regionda hərtərəfli sülhün bərqərar olmasında qərarlıdır
“Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün bizə qətiyyət lazımdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Brüsseldə keçirilən üçtərəfli görüşü şərh edərkən deyib.
SəhərAzəri-nin məlumatına əsasən,, Ermənistanın baş naziri dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşünü xatırladıb: “Dünən biz görüşdən sonra müzakirə olunan mövzuların və qəbul edilən qərarların qeyd olunduğu press-reliz yaydıq. Bunlar işlək qərarlardır.”
Nikol Paşinyan çıxışını belə davam etdirib: “Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, mümkün həll yolları zahirdə görünmür, ardıcıl işi davam etdirməliyik, çünki bizim həm qərarımız, həm də xalqın iradəsi ondan ibarətdir ki, regionda tezliklə hərtərəfli sülh bərqərar olsun.”
Ermənistanın baş naziri Brüssel görüşü ilə bağlı başqa təfərrüatın olmadığını,razılaşdırılan hər şeyin qısa şəkildə təqdim olunduğunu vurğulayıb.
Xatırladaq ki, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə substantiv işi aktivləşdirmək barədə razılığa gəliblər.