Rəsmi İrəvan niyə bu qədər arxayındır?
Ermənistan Qarabağ münaqişəsinin həll olunmadığını deyir
Ermənistanın Xarici İşlər Nazirliyi bildirib ki, Qarabağ ermənilərinin ehtiyacları həll olunmayana qədər DQ münaqişəsi həll olunmuş hesab edilə bilməz.
SəhərAzəri-nin məlumatına əsasən, nazirlik qondarma rejimin qurulmasının 31-ci ildönümü münasibətilə açıqlamasında qeyd olunur ki, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ probleminin və Dağlıq Qarabağ ərazi vahidinin artıq mövcud olmadığına dair davamlı bəyanatlarının əksinə olaraq, həqiqətdir ki, Dağlıq Qarabağda yüz iyirmi minə yaxın erməni yaşamağa davam edir və onlar beynəlxalq birliyin üzvləri kimi bərabər və ayrılmaz hüquqlara malikdir və Qarabağ ermənilərinin əsas ehtiyacları həll olunmayana qədər münaqişə həll olunmuş hesab edilə bilməz.
Həmin bəyanata görə, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin təcrübəsindən və potensialından istifadə etməklə Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüddətli həlli Cənubi Qafqazda sabitliyin və sülhün əldə olunmasında əsas rol oynamağa davam edir. Bununla əlaqədar Ermənistan Respublikası Qarabağ xalqının həyatı üçün bütün lazımi şəraitin təmin edilməsi və öz vətənində təhlükəsiz yaşaması üçün cavabdeh olmağa çalışır.
Ermənistan XİN-in yaydığı bəyanatdan belə çıxır ki, Paşinyan hökuməti Qarabağ məsələsində kompromisə getməkdən çəkinir və ABŞ ilə Fransadan aldığı dəstək hesabına konstruktiv mövqe nümayiş etdirmir. Xüsusilə də Birləşmiş Ştatların bu günlərdə Minsk Qrupuna yeni həmsədr təyin etməsi və Fransanın Qarabağ konflikti haqda forum keçirmək anonsunu verməsi rəsmi İrəvanı ruhlandırıb. Bu isə Brüssel danışıqlarında Qarabağ məsələsinin arxa plana keçməsinə dair iddiaların üstündən qırmızı xətt çəkmiş olur.