Rusiya Qarabağı yenə Ermənistanla müzakirə edir
Sentyabrın 5-də Moskvada Rusiya və Ermənistan XİN başçıları Sergey Lavrov və Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi məsələlərini, regiondakı iqtisadi və nəqliyyat infrastrukturlarının açılması üzrə işləri müzakirə ediblər.
Ermənistan XİN-in məlumatında deyilir ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, habelə Qarabağ münaqişəsi məsələlərini ətraflı şəkildə müzakirə ediblər.
"Mirzoyan Rusiya tərəfin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli nizamlanmasına yönəlmiş səylərinin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri qismində səylərinin əhəmiyyətini vurğulayıb.
Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda atəşkəs rejiminin möhkəmləndirilməsində və münaqişə zonasında təxribatların qarşısının alınmasında, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və həyat fəaliyyəti şəraitinin təmin edilməsində böyük rolu qeyd edilib.
44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərə toxunan Ararat Mirzoyan erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin tezliklə qaytarılması, habelə Azərbaycanın nəzarəti altına keçən ərazilərdə erməni mədəni-tarixi irsinin qorunub saxlanması zərurətini vurğulayıb", deyə məlumatda bildirilir.
Öz növbəsində, RF XİN öz press-relizində bildirib ki, regional məsələlər görüşdə diqqət mərkəzində olub. "Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının hərtərəfli yerinə yetirilməsinə dair öhdəlik təsdiq edilib.
Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması kontekstində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlər, habelə Ermənistan və Azərbaycan arasında sülh sazişinin parametrlərinin müəyyən edilməsi ilə bağlı işlər müzakirə olunub".
Görüşün əvvəlində Sergey Lavrov belə deyib: "Dağlıq Qarabağla bağlı vəziyyətin nizamlanması üzrə Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmaların necə yerinə yetirildiyi haqqında məlumat vermək üçün beynəlxalq və regional məsələlərə diqqət yetirəcəyik".