Sen 07, 2022 12:14 Asia/Baku

Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın regionda əsas təhlükəsizlik faktoru olduğunu söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Ermənistan baş naziri Nikolbəzi qüvvələrin Ermənistan hakimiyyətini həddən artıq qərbpərəst, ya da rusyönümlü kimi təqdim etməyə çalışdığını bildirib: “Həmin qüvvələr bu hərəkətləri ilə regionumuzda vəziyyəti de-stabilləşdirmək istəyirlər”,- Ermənistanın baş naziri deyib.

Paşinyan bildirib ki,Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşmasına ümid edir.

O qeyd edib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə Üçtərəfli Komissiyanın işində irəliləyiş var: “Ümid edirik ki, bu məsələ Rusiyanın dəstəyi ilə həll olunacaq”.

Paşinyan həmçinin ölkəsinin Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduğunu dilə gətirərək bu prosesin də Rusiyanın dəstəyi ilə başa çatdırılmasını arzulayıb.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək və bu, beynəlxalq ticarət yolları üçün yeni imkanlar deməkdir.

“Bu qlobal layihənin həyata keçirilməsi region dövlətləri, eləcə də İran, Türkiyə, Rusiya və Uzaq Şərq ölkələri üçün çox vacibdir”, - Paşinyan vurğulayıb.

Teqlər