Sen 13, 2022 10:44 Asia/Baku
  •  Ermənistan Azərbaycanı ittiham edir

Ermənistan sərhəddə baş verən yeni toqquşmalara görə Azərbaycanı günahlandıraraq, onun irəliləyiş cəhdlərini dayandırmadığını iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Sentyabrın 13-də saat 00:05 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri artilleriya, minaatanlardan, PUA-dan və zenit qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin bir neçə hissəsində yerləşən erməni mövqelərini dərhal intensiv atəşə tutub. O cümlədən, Sotk, Vardenis, Qoris, Kapan, Ardanış və İşxanasar istiqamətində yerləşən mövqelər atəşə tutulub. Sonra mülki infrastrukturlara da hücum edilib.”

Bildirilir ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi son günlər bu təxribat üçün açıq-aşkar informasiya bazası hazırlayırdı. Ona görə də sonuncu genişmiqyaslı təxribatda da Azərbaycan silahlı qüvvələrinin təşəbbüsü olub.

Bu arada müharibənin alovlanması ilə əlaqədar baş nazir Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Baş nazir Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisi istiqamətində gecə yarısı başlayan, artilleriya və iriçaplı odlu silahlardan atəşə tutulması ilə müşayiət olunan həmlələr barədə ətraflı məlumat verib və beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının vacibliyini vurğulayıb.

Baş nazir Nikol Paşinyan ilə Fransa prezidenti Emmanuel Makron arasında da telefon danışığı olub, Fransa prezidentinin diqqətinə çatdırılıb ki, rəqib irəliləyiş cəhdlərini dayandırmır.

Eyni zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin müavininə sərhəddəki vəziyyəti təqdim edib.

Teqlər