Sen 13, 2022 11:35 Asia/Baku
  • “Mübahisələrin hərbi həll yolu yoxdur”

Qərb dövlətləri Ermənistanla sərhəddə baş verənlərə görə Azərbaycanı qınayıblar.

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bildirib ki, Azərbaycanın Ermənistandakı mülki obyektlərə zərbələri qəbuledilməzdir və dərhal dayandırılmalıdır.

“Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur; Diplomatiya qalib gəlməlidir”, - deyə Maykl Karpenter Tvitter səhifəsində yazıb.

ABŞ Dövlət Departamentinin bəyanatında isə deyilir ki, Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələri və mülki infrastruktura zərbələr endirilməsi barədə məlumatlardan dərin narahatdır.

Öz növbəsində ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Azərbaycanın erməni şəhərlərinə “hücumu”nu pisləyib.

Menendez Senatın Xarici Əlaqələr Komitəsinin rəsmi hesabında dərc olunan bəyanatı retvit edib və yazıb: “Erməni şəhərlərini və günahsız mülki əhalinin atəşə tutulması qeyri-qanuni və qəbuledilməzdir. Dünya avtoritar vəhşiliyə qarşı durmalıdır. ABŞ Azərbaycana bütün təhlükəsizlik yardımlarını indi dayandırmalıdır.”

ABŞ qanunvericiləri Adam Şiff, Devid Valadao, Frank Pallone və Ceki Şpeyer də Azərbaycanın “hücumu”nu pisləyiblər.

Digər tərəfdən fransalı senator Valeri Boyer Azərbaycanın Ermənistana təcavüzü ilə bağlı bəyanat yayıb.

Boyer 2020-ci il 44 günlük müharibə ssenarisinin təkrarlandığını və bu dəfə Azərbaycanın bombardmanları nəticəsində Sünikdə və digər yerlərdə suveren Ermənistanın ərazi bütövlüyünün pozulduğunu iddia edib.

O, "vahid və təcili beynəlxalq reaksiyanın" lazım olduğunu söyləyib.

Azərbaycanla Ermənistan arasında vasitəçiliklə məşğul olan Avropa Şurasının prezidenti Şarl Mişel regionda sülh və sabitliyə alternativin olmadığını deyib.

Teqlər