Sen 14, 2022 11:18 Asia/Baku
  • KTMT Stanislav Zası xüsusi missiya ilə Ermənistana göndərib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Stanislav Zası xüsusi missiya ilə Ermənistana göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına Rusiyanın Ermənistan və Azərbaycan sərhədində gərginliyi azaltmaq istiqamətində atdığı addımlar barədə məlumat verib.

Bildirilir ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyətin qiymətləndirilməsi və dövlət başçılarına hesabatın hazırlanması üçün baş katib Stanislav Zasın rəhbərlik etdiyi qurumun missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlib.

Missiyaya təşkilatın birgə qərargahının rəhbəri Anatoli Sidorov və iştirakçı dövlətlərin nümayəndələri daxil olacaq.

Şura həmçinin Rusiyanın Ermənistan və Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək üçün vasitəçilik səylərini tam dəstəkləyib və KTMT-nin məsuliyyət zonasında vəziyyətə daim nəzarət etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlib. 

Sentyabrın 13-də axşam saatlarında Ermənistanın xahişi ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası çağırılıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclasında tərəfləri güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırıb.

Sammitdə həmçinin Qırğızıstan prezidenti Sadır Caparov, Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan, Tacikistanın baş naziri Koxir Rəsulzadə, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib. Video-konfrans formatında keçirilən iclasda Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib.

Teqlər