Sen 15, 2022 07:56 Asia/Baku

Nikol Paşinyan parlamentdəki hökumət saatında bəyan edib ki, İrəvan hansısa sənədi imzalamaq niyyətindədir. Bu bəyanat Ermənistan vətəndaşları arasında narazılığına səbəb olub, amma baş nazir dərhal dediklərini təkzib edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan erməni tərəfinin hansısa sənədi imzalamağa hazırlaşması barədə verdiyi bəyanatı təkzib edib. Bu barədə o sosial şəbəkədəki hesabında yazıb.

Sentyabrın 14-də Nikol Paşinyan parlamentdəki hökumət saatında bəyan edib ki, İrəvan hansısa sənədi imzalamaq niyyətindədir. Paşinyan deyib ki, imzalamadan sonra bir çoxları Ermənistan hakimiyyətini qınayacaq və onları satqınlıqda da günahlandıra bilərlər.

"Biz bir kağızı imzalamaq istəyirik. Nəticədə bizi tənqid edəcəklər, söyəcəklər, satqın adlandıracaqlar, hətta xalq bizim hakimiyyətdən uzaqlaşdırılmağımız barədə qərar da qəbul edə bilər. Və biz ona minnətdar olacağıq, çünki imza nəticəsində Ermənistan Respublikası 29 min 800 kvadrat kilometrlik ərazisi ilə uzunmüddətli sülh və təhlükəsizlik əldə edəcək. Mən çox aydın şəkildə deyirəm ki, bunu təmin edəcək qərara imza atacağam. Və məni mənim başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistan Respublikasına nə olacağı maraqlandırı", - deyə o, bildirib.

Bu bəyanat Ermənistan vətəndaşları arasında narazılığına səbəb olub. Hökumət və parlament binaları qarşısında etiraz aksiyaları keçirilib. İrəvan küçələrində nəqliyyatın hərəkəti iflic olub.

Bunun ardınca Paşinyan feysbuk hesabından vətəndaşlara müraciət etməyə məcbur olub. "Əziz həmvətənlər, xahiş edirəm, manipulyasiyalara uymayın! Heç bir sənəd imzalanmayıb və imzalanmağa da hazırlanmır", - Paşinyan bəyan edib.

Onun sözlərinə görə, baş verənlər informasiya təxribatıdır.

Paşinyanın bu izahatı onun opponentlərini qane etmyib. Daxil olan məlumatda deyilir ki, Ermənistan müxalifəti vətəndaşları hakim “Mülki müqavilə” fraksiyasının deputatlarını baş nazir Nikol Paşinyana və hökumətə etimadsızlıq elan edilməsi prosesinə qoşulmağa məcbur etməyə çağırıb.

Parlamentinin 35 müxalifətçi deputatı bununla bağlı baş nazir və hökumətə etimadsızlıq elan edilməsi prosesinin başlanması ilə bağlı sənəd imzalayıb. Amma prosesin başa çatması üçün daha 18 imza lazımdır.

Teqlər