Sen 18, 2022 12:44 Asia/Baku
  • “ABŞ-ın zəif Ermənistanı ayağa qaldırması yalnız an məsələsidir”

“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin əhəmiyyətini və mümkün nəticələrini kiçiltmək lazım deyil”. Bu açıqlama ilə politoloq Ərəstun Oruclu çıxış edib.

SəhərAzəri-nin məlumatına əsasən, politoloq bildirib ki, istər Pelosinin özü, istərsə də onu müşaiyət edən digər Konqres nümayəndələrinin stabil olaraq birmənalı ermənipərəst siyasətçilər olduqlarını nəzərə alaraq onların səfərin nəticələrilə bağlı Azərbaycana qarşı hər hansı addımlar atacaqları istisna deyil.

Ərəstun Oruclu Pelosinin qısa zamanda Ermənistana səfər edən yeganə yüksək ABŞ rəsmisi olmadığını da diqqətə çəkib: “Bundan bir qədər əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də İrəvanda səfərdə olmuşdu. Bu isə artıq Vaşinqtonun bölgəyə dair siyasətində Ermənistanın müəyyən yer aldığını deməyə əsas verir. Belə siyasət də öz növbəsində Azərbaycan üçün ciddi çağırışlar və risklər demək ola bilər”,- Politoloq bildirib.

Ərəstun Oruclu hesab edir ki, ABŞ kimi güclü bir ölkə üçün hətta zəif və kiçik Ermənistanı ayağa qaldırmaq yalnız zaman məsələsidir və söhbət heç də onilliklərdən getmir: “ABŞ-dan iqtisadi, siyasi və istisna deyil ki, hərbi dəstək alacağı halda İrəvan qısa zamanda bugünkündən çox fərqli statusa keçə bilər.Bu da öz növbəsində bölgədə yeni geosiyasi şəraitin yaranmasına və bölgə ölkələri üçün yeni təhdidlərin meydana çıxmasına yol açardı. İlk növbədə də Azərbaycan üçün”,- deyə Ərəstun Oruclu bildirib.

Politoluq rəsmi Bakını xarici siyasət strategiyasını mövcud reallığa uyğun olaraq müəyyənləşdirməyə çağırıb.  

Teqlər