Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsinin şərtini açıqladı
Paşinyan: Sülh müqaviləsinin əsası ərazi bütövlüyünün qarşılıqlı tanınması olmalıdır
Ermənistanın baş naziri Azərbaycan Respublikası ilə sülh müqaviləsinin şərtini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan deyib: “Əgər Azərbaycan 1991-ci il dekabrın 18-də MDB-nin yaradılması haqqında imzalanmış müqavilə əsasında Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyarsa, Ermənistan bu əsasda ərazi bütövlüyünün qarşılıqlı tanınmasına getməyə hazırdır.”
Baş nazir əlavə edib: “Ermənistan Respublikasının ərazisi 29,8 min kvadrat kilometrdir. Bu, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləridir. Bunu deyəndən sonra niyə kimsə mənə satqın desin? O kimdir? Onlar hesab edirlər ki, Ermənistanın ərazisi əslində 300 min kvadratkilometrdir və biz 300 min kvadrat kilometrə çatmadıqca heç bir sərhəd tanımamalıyıq? Burada belə düşünənlər var. Ola bilsin ki, bəziləri deyərlər ki, Ermənistanın dənizdən dənizə uzanan ərazisi var və ona görə də məni xəyanətdə ittiham edirlər. Amma bizim fikrimizcə, sülh müqaviləsinin əsası belə olmalıdır və məntiqlidir: Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması”, - deyə Paşinyan əlavə edib.