Rusiya KTMT-nin Ermənistana müşahidəçilər göndərməsini istisna etmir
Lavrov: Bunun üçün yalnız Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdır
Rusiyanın xarici işlər naziri bəyan edib ki, KTMT Ermənistana müşahidəçiləri göndərməyə hazırdır, bunun üçün yalnız Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdır.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Sergey Lavrov Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə Astanada keçirdiyi görüşdə bildirib.
O deyib ki, Ermənistan KTMT-nin fövqəladə sammitinin çağırılmasını xahiş etdikdən sonra KTMT-nin baş katibi və Birləşmiş Qərargah rəisi Ermənistana göndərildi və onlar tövsiyələr hazırladılar, Azərbaycanla sərhəddə yerləşən Ermənistan ərazisinə KTMT-nin müşahidə missiyasını göndərməyi araşdırırlar. Tələb olunan yeganə şey Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır, onu KTMT rəhbəri çağırmalıdır və hazırda sədrlik edən ölkə Ermənistandır.
Rusiyalı nazirin fikirlərinə cavab olaraq Mirzoyan da deyib ki, Ermənistan Azərbaycanın silahlı qüvvələrinin qonşu ölkənin suveren ərazisindən çıxarılmasında müttəfiqi Rusiyadan dəstək gözləyir.
Humanitar məsələlərin həlli kontekstində Ararat Mirzoyan erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin tezliklə Ermənistana qaytarılmasının vacibliyini vurğulayıb.
Ermənistan və Rusiyanın xarici işlər nazirləri iki ölkənin müttəfiqlik münasibətlərinin geniş gündəliyini də müzakirə ediblər.