Rusiyadan Makronun Qarabağ açıqlamasına reaksiya
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronun bəyanatını səhv və qəbuledilməz adlandırıb.
Rusiya lideri MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında bildirib ki, Rusiya hər zaman Qarabağ daxil olmaqla bütün münaqişələri nizamlamağa səmimi səy göstərib.
Fransa prezidenti Emanuel Makron dünən yerli televiziyalardan birinə verdiyi müsahibədə Rusiyanı Azərbaycan Respublikası və Türkiyənin oyununa daxil olmaqda və cənubi qafqazda destabilləşdirici rol oynamaqda ittiham edib:
“Bu iki il ərazində sərhəddə nə baş verdi? Orada 5 min Rusiya hərbçisi var. Rusiya bu konfliktdən istifadə edərək, Azərbaycan və Türkiyənin müştərək oyununa daxil oldu, Ermənistanı zəiflətmək üçün ora qayıtdı. Burada baş verənlər Rusiyanın destabilləşdirici manevridir. Rusiya bizim hamımızı zəiflətmək və bölmək üçün Qafqazda iğtişaşlar yaratmağa çalışır”,- Makron deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki rolu ilə bağlı açıqlamalarına münasibət bildirib.
“Biz E.Makronun Rusiyanın guya Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etməsi ilə bağlı açıqlamalarını kobud və qətiyyən qəbuledilməz hesab edirik. Bu cür bəyanatlar Qərbin Rusiyaya qarşı siyasi xəttinə uyğundur və qarşıdurma məntiqini Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürmək cəhdlərinə dəlalət edir. Fransa prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən danışır və onun ölkəsinin bölgədə konstruktiv rol oynaya bilməsini şübhə altına alır”,- Mariya Zaxarova bəyanatında bildirib.
Rusiya XİN sözçüsü əlavə olaraq deyib: “Hətta Bakı ilə İrəvan arasında gərginlik dövründə özünü standart sülh çağırışları ilə məhdudlaşdıran Fransadan fərqli olaraq, Rusiya praktiki baxımdan münaqişənin həllinə töhfə verib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının imzalanmasında ölkəmiz həlledici rol oynayıb.
Mariya Zaxarova Parisin Azərbaycan və Ermənistanla Rusiyanın münasibətlərinə zərbə vurmaq cəhdlərinin uğursuzluğa uğrayacağını vurğulayıb və bu cəhdlərin yalnız Fransanın regionda nüfuzunun daha da azalmasına gətirib çıxaracağını xatırladıb.