Okt 27, 2022 10:57 Asia/Baku
  • İlin sonunadək sülh sazişi imzalanacaqmı?

Ermənistanın baş naziri ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan parlamentdə deputatların sualları cavablandırarkən deyib: “Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsinin ilin sonuna qədər imzalanması üçün mümkün olan bütün səyləri göstərəcəkdir.

Hakim “Mülki Müqavilə” partiyasından olan deputat Lusine Badalyan baş nazirdən danışıqların hazırkı vəziyyətini və sülh müqaviləsinin bu ilin sonuna kimi imzalanmasının mümkün olub-olmadığını şərh etməyi xahiş edib.

Paşinyan cavab olaraq bildirib: “Düzünü deməliyəm, bu ilin sonuna qədər imzalanmasını istəyirəm və istərdim. Bu nə dərəcədə realdır? Mən buna belə cavab verəcəm – mən və hökumət bunun real olması üçün bütün səyləri göstərəcəyik. Biz ümid edirik ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər tamamlanacaq. Bu nə dərəcədə realdır? Nəzərə alsaq ki, Praqada 1991-ci ilin sərhədləri əsasında baş tutacağı ilə bağlı razılığa gəlmişik, bu, real ola bilər, çünki bu sərhədlər əsasən məlumdur”, - deyə baş nazir vurğulayıb.

O bununla belə qeyd edib ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və müdafiəsi üçün müəyyən mexanizmlər olmalıdır.

Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan da Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasını istəyib.

Bu barədə mətbuat brifinqində bildirib

“Hər iki tərəfin bununla bağlı istəkləri var. Mən də istəyirəm ki, sülh müqaviləsini tezliklə imzalayaq. Lakin Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometr ərazisi bizim üçün heç vaxt müzakirə mövzusu ola bilməz. Və mənim fikrimcə, sülh müqaviləsi mümkün qədər tez imzalanmalıdır”, - deyə Simonyan bildirib.

Spiker vurğulayıb ki, Azərbaycan qoşunları Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən dərhal çıxarılmalıdır.

Teqlər