Görüş məqsədi ilə görüşlər davam edir
Komissiyaların fəaliyyətinin razılaşdırılacağı razılaşdırılıb!
Brüsseldə Azərbaycan Respublikası ilə Ermənistan arasında görüşlərin davam etdiyi görüntüsünü yaratmaq məqsədi ilə növbəti nəticəsiz görüş baş tutub.
Noyabrın 3-də Brüssel şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü iclası keçirilib.
Aİ-nın Cənubi Qafqazda öz nüfuzunu qoruyub saxlamaq məqsədi ilə təşkil etdiyi bu görüş də ötənki görüşlər kimi konkret bir nəticə olmadan başa çatıb.
Görüş barədə yayılan məlumatda deyilir ki, komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.
Başqa “razılıq” barədə isə məlumatda belə deyilir: Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti isə görüş barədə bu reklam xarakterli məlumatla kifayətlənib: "Bu görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüşlər zamanı əldə olunmuş yüksək səviyyəli razılaşmalardan sonra keçirilir. Tərəflər sərhədlə bağlı məsələlərin həlli, habelə təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üzərində işi davam etdirməyə hazır olduqlarını bəyan ediblər”.