Ermənistanın baş naziri İranla qaz və elektrik mübadiləsindən danışdı
Paşinyan: İrandan daha çox qaz almağa hazırıq
Nikol Paşinyan bildirib ki, 3-cü elektrik xəttinin tikintisi başa çatdıqdan sonra Ermənistan İrandan daha çox qaz almağa hazırdır.
SəhərAzəri-nin məlumatına əsasən, baş nazir İranda imzalanmış “elektrik enerjisi əvəzində qaz” müqaviləsinin müddətinin uzadılmasına dair memoranduma toxunaraq deyib: “Müqavilənin mahiyyəti ondan ibarətdir ki, biz İrandan qaz satın alırıq, həmin qazla elektrik enerjisi istehsal edirik və elektrik enerjisinin müəyyən miqdarını İrana qaytarırıq ki, sərfəli olsun. İndi praktikada Ermənistanla İran arasında mövcud olan elektrik xətləri tələbata cavab vermir və yeni xəttin inşasına ehtiyac yaranıb”.
Bunun Ermənistan-Rusiya münasibətlərinə mənfi addım sayılmayacağı sualına toxunan Paşinyan qeyd edib ki, Ermənistan aldığı qazla elektrik enerjisi istehsal edib İrana qaytarır, bir hissəsini isə daxili ehtiyaclar üçün istifadə edir. Və bunun Rusiya ilə əməkdaşlıqla heç bir ziddiyyəti yoxdur.
Ermənistan-Azərbaycan münasibətlərinin həllində İranın rolunu necə görür sualını cavablandıran baş nazir sonra deyib ki, İran beynəlxalq və regional məsələlərdə çox mühüm oyunçudur. “Və bu həm də bizim İrandakı tərəfdaşlarımızla çox sıx ünsiyyətdə olmağımızın səbəbidir”, - deyə Paşinyan vurğulayıb.