Dek 31, 2022 15:22 Asia/Baku
  • Laçın dəhlizi İrəvan-Moskva münasibətlərini gərginləşdirir

Laçın dəhlizi Ermənistanla Rusiya arasında münasibətləri gərginləşdirir. İrəvan daha açıq bəyanatlar verir, Moskva isə onlara daha kəskin reaksiya verir.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın ictimai radiosu xəbər verir: Rəsmi İrəvan bildirir ki, Rusiyanın Dağlıq Qarabağ əhalisinin boşaldılmasının səssiz şahidinə çevrilməsi qəbuledilməzdir və son hadisələr Rusiya sülhməramlı qoşunlarının fəaliyyəti ilə bağlı təcili cavab tələb edən suallar doğurur.

Diqqətə layiqdir ki, Sankt-Peterburqda görüşdən sonra İrəvanla Moskva arasında ritorika daha da sərtləşdi.

Rusiya vəziyyəti necə dəyərləndirir, Laçın dəhlizinin bərpası ilə bağlı planı və yol xəritəsi nədir?

Belə çıxır ki, Paşinyan Sankt-Peterburq görüşlərindən həmin suallara cavab almadan qayıdıb.

Rəsmi Moskva artıq Ermənistan baş nazirinin bəyanatlarına cavab verib. Kremlin fikrincə, Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarına BMT mandatı, habelə beynəlxalq qüvvələrin mümkün cəlb olunması üçün münaqişə edən iki tərəfin – Ermənistan və Azərbaycanın razılığı lazımdır.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın dəhlizindəki vəziyyətlə əlaqədar Rusiya sülhməramlı qoşunlarının tənqidini qəbuledilməz hesab edib.

Bununla belə erməni politoloq Robert Qevondyan qeyd edib: “Burada Rusiya və Azərbaycanın birgə oyunu var”.

Qevondyanın fikrincə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində sadəcə olaraq sağ qala bilməz.

Politoloq Emil Orduxanyan isə deyib: “Məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılması və müzakirələrdə iştirak edən dövlətlərin əksəriyyətinin Dağlıq Qarabağ terminindən istifadə etməsi sübut edir ki, indiki mərhələdə beynəlxalq ictimaiyyət Azərbaycanın irəli sürdüyü yanaşmanı paylaşmır”.

Bu arada beynəlxalq mətbuat da bu məsələyə daha tez-tez toxunmağa başlayıb. Məsələn ABŞ-da çıxan “Chicago Tribune” qəzeti yazıb ki, “Azərbaycan erməniləri qırğın etməyə cəhd edərkən Qərb buna göz yuma bilməz”.

 

Teqlər