Yan 13, 2023 19:38 Asia/Baku
  • “Zəngəzur dəhlizinin üçtərəfli bəyanata aidiyyəti yoxdur”

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan edib ki, artıq Əliyevin özü Zəngəzur dəhlizinin üçtərəfli bəyanata aidiyyəti olmadığını etiraf edir.

SəhərAzəri-nin məlumatına əsasən, Vahan Hunanyan Armen-Press ilə müsahibədə vurğulayıb ki, bəyanatda yalnız bir dəhlizdən bəhs olunur, o da bir aydan çoxdur ki, Azərbaycanın qeyri-qanuni şəkildə blokada saxladığı Laçın dəhlizidir.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev son bəyanatları ilə nəhayət, açıq şəkildə bəyan edir ki, qondarma Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən iddiaların noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatla heç bir əlaqəsi yoxdur.

Hunanyan əlavə edib ki, Ermənistan 10 noyabr bəyanatına uyğun olaraq regionda bütün nəqliyyat və iqtisadi infrastrukturların açılmasında maraqlıdır. Bu, ölkələrin suverenliyinin və yollar üzərində yurisdiksiyasının qorunması ilə bağlı əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçirilə bilər. Eyni zamanda, Ermənistan heç vaxt ekstraterritorial dəhlizin verilməsinə razı olmayacaq.

Erməni rəsmi sonra Azərbaycan tərəfini ittiham edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş beynəlxalq öhdəliklərini kobud şəkildə pozaraq, bir aydan artıqdır ki, 120 min Qarabağ ermənisini mühasirədə saxlayır və onları məqsədyönlü şəkildə humanitar fəlakətə sürükləyir.

Vahan Hunanyan iddia edib ki, Azərbaycan dövlətinin hədəfi Dağlıq Qarabağı etnik təmizləməyə məruz qoymaq, Qarabağ ermənilərini öz vətənlərində yaşamaq imkanından və öz vətənində yaşamaq hüququndan məhrum etməkdir.

 

Teqlər