Paşinyan Laçın dəhlizinin bağlı qalmasından şikayətləndi
Paşinyan : Ermənilərin soyqırımı təhlükəsi var
Ermənistanın baş naziri hökumətin növbəti iclasında Qarabağ ermənilərinin soyqırımı təhlükəsi ilə üzləşdiklərini iddia edib.
Nikol Paşinyan deyib ki, bu haqda həyəcan təbili bütün dünyada getdikcə daha da səslənməlidir. Çünki – onun ifadəsi ilə desək - Laçın dəhlizinin qeyri-qanuni blokadası nəticəsində Dağlıq Qarabağda humanitar böhran başlayıb, enerji blokadası nəticəsində humanitar böhran daha da dərinləşib, eyni zamanda ekoloji böhran baş verir.
Onun sözlərinə görə, Laçın dəhlizinin blokadasının arxasında ekoloji motivlərin göstərilməsi uydurmadır. Azərbaycanın hərəkətlərinin bir məqsədi var: “Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə siyasətini başa çatdırmaq”, – deyə Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, əgər indiyə qədər beynəlxalq ictimaiyyət erməni tərəfinin bu iddiasına şübhə ilə yanaşırdısa, indi bu, getdikcə daha aydın görünür.
Azərbaycan tərəfinin iddiasına görə aksiya Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda təşkil olunub.
Etiraz aksiyası 68-ci gündür davam edir.