Mart 13, 2023 15:25 Asia/Baku
  • İrakli Qaribaşvili Zelenskini müdaxiləçilikdə ittiham edib

Gürcüstanın Baş naziri Zelenskini müdaxiləçi bəyanatlardan çəkinməyə çağırıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ukrayna Prezidenti Vladimir Zelenskini ötən həftə ölkədə etiraz dalğası baş verdikdən sonra Gürcüstandakı siyasi vəziyyətə müdaxilə etməkdə ittihamlandırıb və müdaxiləçi bəyanatlarına son qoymağa çağırıb.

Gürcüstan parlamenti tərəfindən qəbul edilən "xarici agentlər" haqqında qanuna etirazlar zamanı Zelenski etirazçılara Ukrayna bayrağını dalğalandırdıqlarına görə təşəkkür edərək bunun hörmət təzahürü olduğunu bildirib və ölkəyə "Demokratik uğur"arzulamışdı.

Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini martın 7-də birinci oxunuşda 76 lehinə, 13 əleyhinə səslə qəbul etdi.

Fevralın 14-də “Xalqın gücü” hərəkatı tərəfindən Gürcüstan parlamentinə təqdim edilmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqdılar. Reyestrdən keçməyənlər 25 000 lari (9 500 dollar) cərimə ediləcəkdilər.

Ancaq Qərb ölkələrinin təhrikedici müdaxilələri üzündən müxalifətin Tiflisdə keçirdiyi davamlı mitinq, nəhayət “xarici agentlər haqqında” qanun layihəsinin martın 10-da Gürcüstan parlamentində keçirilən səsvermədə geri götürülməsi ilə nəticələndi.

Müxaliflər qanunun ölkəni Avropa İttifaqından uzaqlaşdırdığını bildirir.

Aİ-nin Gürcüstandakı nümayəndəliyi qanun layihəsinin geri götürülməsi qərarını alqışlayıb.

Qeyd edək ki, xarici ölkələrin Gürcüstan siyasi səhnəsinə müdaxilələrinin qarşısını alacaq bu qanun ABŞ və Avropa tərəfindən kəskin tənqid edilsə də eyni qanun ABŞ-ın özündə 85 il əvvəl qəbul edilib.

Bir çox siyasi analitiklərə görə, suveren olmaq istəyən dövlətlər, ilk növbədə, daxili siyasi fəaliyyətin xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi, ya da daxil olan vəsaitlərə və belə QHT-lərin fəaliyyətinə nəzarətin tətbiqinə dair qərarlar qəbul etməlidirlər.Bunun isə hegemonçu dövlətlərin xoşuna gəlməməsi başa düşüləndir.

 

Teqlər