Apr 29, 2023 15:20 Asia/Baku
  • Lentsovun görüşləri Bakıda şübhə ilə qarşılandı

Rusiyalı sülhməramlıların yeni komandanı Ermənistan və Qarabağ ermənilərinin təmsilçiləri ilə görüşüb.

SəhərAzəri-nin məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarının yeni komandanı general-polkovnik Aleksandr Lentsov ilə görüşdə Dağlıq Qarabağ ətrafında cərəyan edən olayları, sülhməramlı kontingentin məsuliyyət zonasında operativ vəziyyəti və mövcud problemləri müzakirə edib və Laçın dəhlizinin blokadasının sürətlə aradan qaldırılmasına yönəlmiş səylərin davam etdirilməsini istəyib.

Bir gün əvvəl isə rus generalı Qarabağdakı separatçı rejimin başçısı Arayik Arutyunyanın qəbulunda olub.

Görüşdə Arutyunyan Qarabağ əhalisinin təhlükəsizliyinin və regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı qoşunlarının rolunu vurğulayıb.

Qeyd edək ki, Lentsov aprelin 25-də general-mayor Volkovu Azərbaycan tərəfindən Laçın dəhlizinin başlanğıc nöqtəsində nəzarət-buraxılış məntəqəsinin yaradılması fonunda əvəz edib.

Azərbaycan mediası Lentsovun erməni rəsmiləri ilə görüşə üstünlük verməsinə görə narahatlığını gizlətməyib. Bildirilir ki, onun rəhbərlik etdiyi qüvvələr Azərbaycan ərazisində fəaliyyət göstərirsə, rusiyalı general prinsipcə Azərbaycan rəsmiləri ilə görüşməli idi.

Bundan başqa Laçın – Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyasına birbaşa Lentsovun əmri ilə son qoyulması ciddi ehtimallar sırasındadır.

 

Teqlər