Ermənistan XİN Vaşinqton danışıqlarının yekunları barədə bəyanat yaydı
Azərbaycan tərəfi ittiham olunur
Ermənistan XİN Vaşinqton danışıqlarının yekunları barədə bəyanat yayıb.
SəhərAzəri-nin məlumatına görə, bəyanatda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-dakı apardıqları danışıqları barədə deyilir ki, nazirlər sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşma əldə etsələr də, əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını etiraf etdilər.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı bildirib ki, sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərbaycan tərəfdən tanınmasının dəqiqliklə əks olunmasını razılaşdırmaq hələ mümkün olmayıb.
O, bunu sənədin imzalanmasında əsas maneələrdən biri adlandırıb:
Onun sözlərinə görə, digər problem Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin qeyri-müəyyənliyi, Xankəndi ilə Bakı arasında dialoqun formatının qeyri-müəyyənliyidir.
O qeyd edib ki, Ermənistan tərəfi normallaşma prosesinə və sazişin imzalanmasına sadiqdir.
Paşinyan həmçinin iddia edib ki, Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sazişin müddəalarını kobud şəkildə pozur və bir neçə aydır ki, Dağlıq Qarabağı xarici aləmə birləşdirən yeganə yol Laçın dəhlizini bloklanıb və qanunsuz olaraq Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradıb. Onun fikrincə, humanitar böhranın dərinləşməsi ilə Dağlıq Qarabağa, eləcə də Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir.