Brüssel sammitinin nəticəsi açıqlandı
Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb
Azərbaycan və Ermənistan 1991-ci il Almatı Bəyannaməsinə əsasən bir-birinin müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını təsdiqləyiblər.
SəhərAzəri-nin məlumatına görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel mayın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşdən sonra bəyanat yayıb.
Həmin bəyanata əsasən, Ermənistan Azərbaycan Respublikasının 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığını təsdiqləyib.
Şarl Mişelin açıqlamasında deyilir: “Sammitdə əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.”
Ş.Mişel sonra deyib: “Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir.”
Avropalı rəsmi həmçinin Brüssel görüşlərinin mümkün qədər tez-tez keçiriləcəyini vurğulayıb və qeyd edib ki, liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər.
Bundan əlavə yaxın gələcəkdə Fransa prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə Kişineuda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüş planlaşdırılıb.
Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm.