İyul 09, 2023 13:22 Asia/Baku
  • Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir

Özbəkistanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.10 min 784 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.Səsvermə saat 20:00-dək davam edəcək.

Seçkilərdə hazırkı Prezident Şövkət Mirziyayev, Xalq Demokratik Partiyasından namizəd Uluğbek İnoyatov, Ekologiya Partiyasından namizəd Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya Partiyasından namizədi Roba Mahmudova mübarizə aparırlar.

Özbəkistanda növbədənkənar prezident seçkilərində yerli vaxtla saat 11:00-ın məlumatına görə, seçicilərin 33,54%-dən çoxu səsvermədə iştirak edib. Bununla da qanunvericiliyə əsasən, ölkədə prezident seçkiləri baş tutmuş sayılır.

Bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Bahrom Kuçkarov bildirib.

"Alınan məlumatlara görə, yerli vaxtla səhər saat 11-də 6 milyon 463 min 874 seçici səs verib ki, bu da 33,54 faiz təşkil edir", - Kuçkarov deyib.

O xatırladıb ki, Seçki Məcəlləsinə əsasən,seçicilərin azı 33 faizi seçkilərdə iştirak etdikdə seçkilər baş tutmuş sayılır.

MSK-nın yenilənmiş məlumatlarına əsasən, vahid seçici siyahısında 19 milyon 414 min 914 nəfərə yaxın seçici qeydə alınıb.

B.Kuçkarov qeyd edib ki, səsvermə başlayandan heç bir ciddi qanun pozuntusuna rast gəlinməyib.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Bundan əlavə, yeni düzəlişlərə əsasən Özbəkistan sosial dövlət elan olunur və ölkədə ölüm hökmü ləğv edilir.

 

Teqlər