İyul 25, 2023 15:35 Asia/Baku
  • “Hazırda sülhə ən böyük maneə Azərbaycanın aqressiv və qanunsuz hərəkətləridir”

Ermənistanın baş naziri Fransanın Le-Mond qəzetində nəşr olunan məqaləsində Azərbaycanı aqressiv və qanunsuz hərəkətləri ilə sülhə əngəl törətməkdə günahlandırıb.

Nikol Paşinyan həmin məqalədə bildirib ki, Ermənistan hökuməti və xalqında davamlı sülhün inkişaf etdirilməsi üçün həqiqi iradə var və Cənubi Qafqazda davamlı sülhün mühüm qlobal fayda gətirə biləcəyinə inanır.

O qeyd edib: “Coğrafi baxımdan biz yol ayrıcındayıq. Əgər biz sülh gündəliyimizdə irəliləyişə nail ola bilsək, qonşularımızla münasibətləri normallaşdıra bilsək, möhkəm nəqliyyat və enerji infrastrukturu qura bilsək, bu, Avropa və Asiya arasında ticarət və beynəlxalq sabitlik üçün əhəmiyyətli dərəcədə böyük körpülər yarada bilər”.

Paşinyanın fikrincə, sülh sazişinin konturları formalaşsa da, onun reallığa çevrilməsi üçün əhəmiyyətli maneələr qalmaqdadır və hazırda sülhə ən böyük maneə Azərbaycanın Dağlıq Qarabağ ətrafında, xüsusən Laçın dəhlizində, həm də Ermənistanın sərhədləri daxilində aqressiv və qeyri-qanuni hərəkətləridir.

Ermənistanın baş naziri Azərbaycana qarşı ittihamlarının davamında deyib: “İnsanların və nəqliyyat vasitələrinin girişini əngəlləməklə yanaşı, Azərbaycan Dağlıq Qarabağa qaz və elektrik enerjisinin verilişini qəsdən pozur. Bu hərəkətlər getdikcə daha aqressiv ritorika, təbliğat və hətta Azərbaycan qüvvələrinin yerli fermerlərə atəş açması ilə üst-üstə düşüb. Məqsəd aydındır: Dağlıq Qarabağ xalqının həyatını mümkün qədər çətinləşdirmək, onları öz vətənlərini tərk etməyə məcbur etməkdir”.

Paşinyan əlavə edib ki, 120 minlik Dağlıq Qarabağ ermənisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi Cənubi Qafqazda davamlı sülhün bərqərarına öz töhfəsini verə bilər.

O həmçinin idia edib ki, Azərbaycan hələ də beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri tanımaqdan imtina edir, Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsini işğal edib və hərbi əsirləri Bakıda saxlayır.

 

Teqlər