Amerikalı konqresmenlər Bakının əsəbini tarıma çəkirlər
Bred Şerman separatçıların “parlament” sədrini təbrik edib
ABŞ konqresmeni Bred Şerman qondarma Dağlıq Qarabağ parlamentinin yeni sədrini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Bred Şerman separatçıların tərəfindən Davit İşxanyanın parlament sədri seçilməsi münasibətilə yaydığı bəyanatda bildirib: “Mən Davit İşxanyanın Artsax Respublikası Milli Assambleyasının yeni sədri seçilməsini alqışlayıram. Mən ABŞ-ın Artsax və erməni xalqı ilə əlaqələrini daha da gücləndirmək üçün işləri davam etdirməsini səbirsizliklə gözləyirəm”.
Konqresmen Bred Şerman Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin və Konqresdəki Erməni Qrupunun yüksək səviyyəli üzvüdür.
Davit İşxanyan avqustun 7-də Dağlıq Qarabağ parlamentinin sədri seçilib.
Amerikalı konqresmenlər son aylar dəfələrlə Azərbaycan hökumətini Laçın dəhlizini bağlamaqla Qarabağ ermənilərinə qarşı soyqırımı hazırlamaqda ittiham edərək, Ağ Ev tərəfindən Bakıya qarşı sanksiyaların tətbiq edilməsini, o cümlədən 907-ci düzəlişin qüvvəyə minməsini tələb ediblər.