Avq 13, 2023 14:29 Asia/Baku
  • Separatçılar Ermənistanın BMT TŞ-ni fövqəladə iclasa çağırmasını alqışlayıblar

Qondarma rejim Ermənistanın BMT Təhlükəsizlik Şurasını fövqəladə iclasa çağırmasını alqışlayıb.

Separatçıların dırnaqarası Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı bəyanatda BMT TŞ-ni vəziyyətə adekvat reaksiya verməyə və Laçın dəhlizinin blokunun dərhal, tam və qeyd-şərtsiz açılmasına yönəlmiş zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməyə səsləyib.

“Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının birbaşa müdaxiləsini və təxirəsalınmaz qərarların qəbulunu Azərbaycanın Artsaxda törətdiyi dəhşətli insan hüquqları pozuntularına son qoymağa və soyqırım siyasətini dayandırmağa qadir olan həlledici amil hesab edirik”, - deyə bəyanatda vurğulanır.

Bu arada Turan Xəbər Agentliyi özünün analitik təhlilində Ermənistanın BMT Təhlükəsizlik Şurasına etdiyi müraciətinin əbəs addım olduğunu bildirib. 

Qeyd olunur ki, İrəvan və Paris artıq 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasına Bakını Qarabağ ermənilərinin “hüquqlarını pozmaqda” və Laçın dəhlizini “blokada” etməkdə ittiham edən sənədi irəli sürməyə çalışıblar. Lakin Fransanın hazırladığı bəyanat layihəsi bloklandı və bunda ən fəal rol oynayan Rusiya oldu.

Agentlik hesab edir ki, İrəvanın yeni ideyası Rusiyanın rolunu zəiflətməyə və prosesə Qərb dövlətlərini cəlb etməyə yönəlmiş xəttin davamıdır. İrəvanın əsas kozırı Moskvanın “sülhməramlı missiyasını” yerinə yetirmək və Laçın dəhlizinin açılmasına nail olmaq iqtidarında olmaması iddiasıdır.

 

Teqlər