Sen 02, 2023 20:51 Asia/Baku
  • Erməni sakinlər müvafiq ərizə ilə müraciət etməlidirlər

Azərbaycan Respublikası prezidentinin köməkçisi Qarabağdakı erməni sakinləri Azərbaycan vətədaşı olmaq üçün müvafiq ərizə ilə müraciət etməyə çağırıb.

“Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb”,- Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə deyib.

Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar.

Qarabağda isə vəziyyət Hikmət Hacıyevin dediklərinə heç də uyğun deyil. Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan Respublikası ərazilərinin bu hissəsində 30 il öncə yaradılmış separatçı rejim öz fəaliyyətini davam etdirir. Təbii ki, belə bir rejimin nəzarətində olan ermənilərin Azərbaycan Respublikası vətəndaşı olması qeyri-mümkün görünür. Qərb dövlət və qurumları isə Rusiya ilə birlikdə separatçı qurumu dəstəkləyir və rəsmi Bakını onunla müzakirəyə girmək və beləliklə də onu rəsmən tanımağa çağırırlar.

Hikmət Hacıyevin Qarabağdakı ermənilərin Ermənistan pasportunun qeyri-qanuni olmasını vurğulamasına baxmayaraq həmin erməni sakinlər Ermənistan pasportu ilə Laçın sərhəd buraxılış məntəqəsindən keçərək Ermənistanla Xankəndi arasında gediş-gəliş edir. Onların Ermənistan pasportu Azərbaycan Respublikası gömrükçüləri tərəfindən yoxlanılır və möhürlənir.

 

Teqlər