Azərbaycan və Ermənistan müharibəyə hazırlaşırmı?
Cənubi Qafqazda gərginlik pik həddə çatıb - AKTUAL
Ermənistan və Azərbaycan Respublikası sərhədlərə texnika ötürür və tərəflər bir-birini psixoloji müharibədə ittiham edir.
Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışı zamanı Azərbaycanı sərhəddə qüvvə toplamaqda ittiham edib.
O, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Ermənistana qarşı təxribat xarakterli addımlar atmaq niyyətində olduğunu iddia edib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistanın baş nazirinin bəyanatlarını “daha bir saxta siyasi manipulyasiya” adlandırıb.
Nazirlikdən bildirilib ki, regionda təhlükəsizliyə real təhdid Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq hələ də Azərbaycan ərazisini tərk etməyən silahlı qüvvələridir.
Bu arada Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini əsas gətirərək Kipr və Yunanıstana səfərini təxirə salıb. Erməni mediası isə İrəvandan sərhədə doğru yollanan hərbi karvanın görüntülərini yayıb.
Yayılan məlumatlara əsasən, Ermənistan son həftələr Azərbaycanla şərti sərhədlərdə hərbi hissələrini fəal şəkildə gücləndirir, həmçinin hərbi hissələrə zirehli texnika və artilleriya mərmiləri çatdırır.
Digər tərəfdən Azərbaycanın hərbi texnikasının sərhədlərə daşınması ilə bağlı xəbərlər və şəkillər dərc olunur ki, bu da Bakının sərhədlərə güc topladığını göstərir. Həmçinin, son bir neçə gündür Türkiyədən Azərbaycana hərbi-nəqliyyat reysləri həyata keçirilir ki, bu da Bakının özünü daha çox təchiz etdiyini göstərir.
Müşahidələr göstərir ki, Qərb dövlətlərinin region məsələlərinə müdaxiləsi və Rusiyanın reaksiyası mürəkkəb vəziyyət yaradıb, sülhə olan ümidlər boşa çıxmaqdadır. Belə bir şəraitdə münaqişə tərəflərinin ərazi bütövlüyü prinsipinə əməl etməsi, Əliyev hökumətinin dəhliz ambisiyasından vaz keçməsi və Paşinyanın Fransa ilə ABŞ-a güvənib regionun mənafeyinə zidd davranmaqdan əl çəkməsi davamlı sülh və sabitliyin əsas şərtidir.