Sen 12, 2023 18:52 Asia/Baku
  • Avropanın müşahidə missiyası sərhəddə fəaliyyətini gücləndirib

Avropa İttifaqı Azərbaycan qoşunlarının Ermənistanla sərhəddə cəmləşməsi barədə məlumat alan kimi özünün Ermənistanla Azərbaycan sərhəddindəki missiyanın fəaliyyətini gücləndirib.

Azərbaycan qoşunlarının Ermənistanla sərhəddə cəmləşməsi  barədə məlumat yayıldıqdan sonra Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası həmin sərhəd rayonlarında patrul xidmətini gücləndirib. Müşahidəçilər bu məlumatı Brüsselə çatdırıblar. Bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter "Armenpress"ə bildirib.

"Azərbaycan qüvvələrinin cəmləşməsi barədə şayiələr və söhbətlər yayılanda biz sərhədin həmin hissələrində patrulların sayını artırdıq. Gördüklərimizi mütəmadi olaraq Brüsselə çatdırırdıq", - Ritter deyib.

Bu gün İcevanda Avropa İttifaqı missiyasının əməliyyat ofisinin açılışına toxunan Ritter deyib ki, bu, müşahidəçilərə Tavuş vilayəti sərhəd rayonlarını gecə-gündüz nəzarət etməyə imkan verəcək.

"Bu gün biz Tavuş vilayətində patrul xidməti üçün İcevanda ofis açdıq. Bundan öncə burada patrul Martunidəki ofis tərəfindən həyata keçirildi. İndi burada daimi baza ilə biz Azərbaycanla sərhədə gecə - gündüz nəzarət edə bilərik", -  o deyib.

Markus Ritter həmçinin bildirib ki, bu həftənin sonunda Yexeqnadzorda Avropa İttifaqı müşahidə missiyasının Baş Qərargahı açılacaq. "Baş qərargahımız bölünüb: biri Yexeqnadzorda, digəri Yerevandadır. Beləliklə, cümə günündən Yexeqnadzorda birləşmiş qərargahımız olacaq. Daha sonra Naxçıvanla sərhəd rayonlarında patrul üçün Yexeqnadzorda əməliyyat bazası açacağıq”, - Ritter qeyd edib.

*Avropa İttifaqının Ermənistandakı mülki missiyası (EUMA) 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Personalın ümumi sayı 50-yə yaxın silahsız müşahidəçi də daxil olmaqla, 100 nəfərdir.

 

 

Teqlər