Sen 14, 2023 15:49 Asia/Baku
  • Paşinyan bir daha ərazi bütövlüyünün qarşılıqlı tanınmasına çağırıb

Azərbaycanla sülh danışıqları prosesində ciddi hadisələr baş verib. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Politiko” nəşrinə geniş müsahibəsində deyib.O bildirib ki, qeydə alınan ən ciddi nəticə ölkələrin ərazi bütövlüyünün tanınmasıdır.

“Qarşılıqlı olaraq Azərbaycanın 86,6 min kv.km ərazisi və Ermənistanın 29,8 min kv.km ərazisinin tanınması sülh danışıqlarında təməl daşı sayıla bilər. Ancaq problem bundadır ki, bu razılaşmadan sonra mən bu sazişə sadiqliyimizi bir neçə dəfə təsdiqlədim (Azərbaycanın ərazi bütövlüyünün tanınması – red.), lakin Azərbaycanın bununla bağlı mövqeyi hələ tam aydın deyil”,- Ermənistan baş naziri Nikol Paşinyan “Politiko” nəşrinə müsahibəsində deyib.

Paşinyan iddia edib ki, Laçın “dəhlizinin” bağlanması, Qarabağdakı humanitar böhranın davam etməsi sülh danışıqlarına mənfi təsir edir.

“Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması sülh müqaviləsinin imzalanması ilə şərtlənir, yoxsa bu, sülh müqaviləsinin imzalanması üçün şərtdir?” sualına Paşinyan belə cavab verib:

“Biz Azərbaycanla razılaşdıq ki, Ermənistan və Azərbaycan, artıq dediyim kimi, qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: 29,8 min kv.km və 86,6 min kv.km. Və bu razılaşmadan sonra mən İrəvanda mətbuat konfransı keçirəndə və jurnalist soruşanda ki, Azərbaycanın bu 86,6 min kvadrat kilometr ərazisinə Dağlıq Qarabağ ərazisi daxildirmi, mən cavab verdim ki, bəli, bura Dağlıq Qarabağ da daxildir. Amma onu da demək istəyirəm ki, bu, o demək deyil ki, biz Azərbaycana Dağlıq Qarabağ ermənilərini etnik təmizləməyə və ya soyqırıma məruz qoymaq üçün mandat vermişik. Məhz buna görə də bu sazişin tərkib hissəsi həm də Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələlərinin həlli mexanizmlərinin işlənib hazırlanması, xüsusən də Bakı ilə Xankəndi arasında etibarlı, substantiv dialoqun qurulmasıdır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin sentyabrın 13-də yaydığı bəyanata dair şərhində isə Ermənistanı Azərbaycan Respublikasının suverinliyinə qarşı iddialarda günahlandırıb.

 

 

O qeyd edib ki, bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır.

“Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir”,- deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə vurğulayıb.

 

Teqlər