Ermənistanda etiraz aksiyaları keçirilir
İrəvanda Qarabağın müstəqilliyini tanımağa çağırırlar
Azərbaycan ordusunun Dağlıq Qarabağda hərbi əməliyyata başlaması barədə məlumatlar yayıldıqdan qısa müddət sonra İrəvanda Ermənistan hökumətinin binası önündə etirazlar başlayıb.
Nümayişçilər İrəvanın mərkəzindəki Respublika meydanına aparan bütün marşrutları bağlayıblar.
Etirazçılar Ermənistan hakimiyyətindən nəzərə çarpan hərəkətlər etməyi, ilk növbədə Dağlıq Qarabağın müstəqilliyini tanımağı və baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. Etirazlar zamanı nümayişçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında vaxtaşırı toqquşmalar olub, iştirakçılar Yüksək səslə "Nikol xaindir" şüarları səsləndiriblər.
Həmçinin yüzlərlə etirazçı paytaxtın mərkəzindəki Respublika meydanında Ermənistan parlamentinin binası qarşısına toplaşıb. İğtişaşların baş verdiyi yerdə nəqliyyatın hərəkəti kəsilib.
ölkənin Səhiyyə Nazirliyi polislə toqquşmada 35 etirazçının xəsarət aldığını bildirib.
Bu arada bir qrup nümayişçi Rusiya səfirliyini mühasirəyə alıb və Rusiyanın ünvanına təhqirlər səsləndirib.
Aksiya iştirakçıları Rusiyanın İrəvandakı səfirliyinin inzibatı binasına daxil olmağa cəhd ediblər.
Etirazçılar səfirliyini mühafizə edən polislə əlbəyaxa olublar. Polis dəyənək tətbiq etmək məcburiyyətində qalıb. Buna baxmayaraq səfirliyin binası etirazçılar tərəfindən tamamilə bağlanıb, diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, səfirlik əməkdaşları binanı tərk edə bilmirlər.
"Səfirliyin binası bloklanıb. Binanın əsas girişində çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb, lakin o tərəfdə neçə nəfərin olduğu bəlli deyil”, - deyə agentliyin səfirlikdəki həmsöhbəti bildirib.