Qondarma “artsax respublikası” buraxılıb
Separatçı rejimin rəhbəri Samvel Şahramanyan qanunsuz quruluşun - "Dağlıq Qarabağ Respublikasının (Arsax)" mövcudluğuna son qoyulması barədə fərman imzalayıb.
Separatçı rejimin başçısının fərmanına görə, bu rejimin bütün "dövlət qurumları" və "təşkilatları" 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq.
Yerli erməni əhaliyə, o cümlədən xaricdə olanlara Qarabağda qalmanın (qayıtmanın) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtlərilə tanış olmaq təklif edilib.
Eyni zamanda Azərbaycan polisinin Xankəndiyə daxil olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb.
“Caucasian Live” Teleqram kanalı Xankəndinin erməni sakininin bir videosunu paylaşıb.
Videoda Azərbaycan polisi rus sülhməramlıların müşayiəti ilə Xankəndiyə daxil olur.
Qarabağda separatçı rejimin buraxılması və Azərbaycan polisinin Xankəndiyə daxil olması xəbərlərindən sonra Qarabağdakı separatçıların taleyi ciddi müzakirə mövzusuna çevrilib.
Belə ki, Erməni mətbuatı Qarabağda qalan separatçıların siyahısını təqdim edib.
“Hraparak” nəşrinin məlumatına görə, Qarabağdan hələ də minlərlə insan, o cümlədən “dövlət məmurları” və hərbçilər qalmaqda davam edir.
Hazırda ləğv edilmiş qondarma rejimin keçmiş rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan Qarabağdadır. Bundan başqa, separatçı silahlı qruplaşmanın keçmiş komandanları, “deputatlar”, separatçıların indiki rəhbəri Samvel Şahramanyan və qondarma “hökumətin” bütün üzvləri də Qarabağda qalıblar.
Onların taleyinin necə olacağı hələ bəlli deyil. Ancaq Qarabağdakı keçmiş separatçıbaşının “müşaviri” David Babayan Feysbuk səhifəsində Azərbaycan tərəfinin onu Şuşaya çağırtdırdığını iddia edib.
“Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına düşmüşəm. Bakı müvafiq araşdırma aparılması üçün gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, - o bildirib.
Ötən gün Azərbaycandan qaçarkən həbs edildiyi deyilən Xocalı qatili kimi tanınan Vitali Balasanyan açıqlama yayıb.
O, erməni mediasına “Laçın” postundan keçərkən həbs edildiyi barədə məlumatı təkzib edib.
“Mən Qarabağdayam. Ünvanı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç Qarabağı tərk etməyə cəhd də etməmişəm”, - deyə o bildirib.