Noy 14, 2023 20:45 Asia/Baku
  • Gürcüstan silah daşınmasını təsdiqlədi

Gürcüstanın Poti limanı vasitəsilə Fransanın 20-dən çox “ACMAT Bastion” zirehli texnikasının Ermənistana daşınması Gürcüstan tərəfindən təsdiqlənib.

 “APM Terminals Poti” şirkəti “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirib ki, Fransanın “Bastion” zirehli maşınlarının tranziti Ermənistan üçün nəzərdə tutulub:

“Bu yük AB ölkəsi olan Fransadan gəlib və sanksiyaların tətbiq olunmadığı Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən müəyyən edilmiş məhdudiyyətlər olmadığı üçün “APM Terminals Poti” sanksiyalar altında olmayan yükləri qəbul etməkdən əsassız olaraq imtina edə bilməz”, - Poti limanının əməliyyat şirkətinin bəyanatında deyilir.

politoloq Turab Rzayevə görə Gürcüstan Rusiya ilə müharibə şəraitində olduğuna görə bu ölkənin Ermənistana silah tədarükünə imkan vermirdi, bunun NATO və ABŞ-ın silah daşımalarına aidiyyatı yoxdur.

 “Yəqin, bunu bu cür izah edəcəklər ki, hər ölkənin silah almaq, ordusunu gücləndirmək hüququ var və Gürcüstan, sadəcə, tranzit ölkə kimi çıxış edir”, Turab Rzayev deyib.

Politoloq bildirib ki, Gürcüstanın bu mövqeyi Tiflisin Ermənistan və Azərbaycan arasında sülhyaratma missiyasına uyğun deyil:

“İstənilən halda öz ərazisində sülh müqaviləsi imzalamağı təklif edən Gürcüstan üçün silah tranziti olmaq ürəkaçan deyil. Gürcüstan, əslində, iki ölkəni sülhə çağırmalıdır. İndiki halda Ermənistanın silahlandırılmasında Gürcüstan ərazisinin istifadə olunması Tiflisin bitərəf mövqeyi ilə üst-üstə düşmür.”Turab Rzayev deyib.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov isə rəsmi İrəvanın silahlanmasını qəbuledilməz adlandırıb ancaq bildirib ki, “aktiv müharibə fazasında olmadığımız üçün bunun qarşısını almaq çox çətindir”.

 

Teqlər