Yan 18, 2024 18:15 Asia/Baku
  • Lavrov “Zəngəzur dəhlizi” məsələsinə münasibət bildirdi

Üçtərəfli razılaşmada belə bir ifadə yer almayıb”

Ermənistan, Rusiya və Azərbaycan heç vaxt Zəngəzur dəhlizini müzakirə etməyiblər.

Armen-Pressin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib: “Zəngəzur dəhlizi 2020-ci il noyabrın 10-da prezident Putin, prezident Əliyev və baş nazir Paşinyan tərəfindən imzalanmış razılaşmaların bir hissəsi kimi heç vaxt müzakirə olunmayıb”.

Regional kommunikasiya xəttlərinin açılmasından danışan Lavrov deyib ki, üç ölkə üçtərəfli işçi qrupunun görüşləri zamanı ölkələrin öz ərazilərindən keçəcək marşrutlar üzərində suverenlik saxlayacaqlarına qərar verib.

Rusiyalı nazir sonra qeyd edib ki, Azərbaycan Rusiya ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır.

“Qərbli həmkarlarımız sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər, bu faktdır. O da faktdır ki, Azərbaycan Rusiya ərazisində onu imzalamağa hazırdır. Ermənistan paytaxtına çoxdan müvafiq siqnallar göndərilsə də, İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm”, - deyə Lavrov vurğulayıb.

 

Teqlər