Hegemonçu düşüncənin təzahürü
ABŞ Gürcüstan parlamentarilərinə sanksiya tətbiq edəcək
Gürcüstan hökuməti və millət vəkillərinin qərarına qarşı ABŞ-dan növbəti müdaxiləçi bəyanat gəlib. ABŞ dövlət katibinin köməkçisi Jim O'Brayen Tiflisdə həyasız bəyanatda bu ölkənin dövlət adamları və millət vəkillərinin cəzalandırılacağını deyib.
"Əgər Avropa İttifaqının normalarına zidd olaraq qanun qüvvəyə minərsə, demokratiya pozularsa və dinc etirazçılara qarşı zorakılıq baş verərsə, məhdudiyyətlər tətbiq ediləcək. Bu, buna görə məsul olan şəxslər üçün maliyyə məhdudiyyətləri və ya səyahət məhdudiyyətləridir", - O'Brayen Gürcüstanın rəsmi şəxslərilə danışıqlardan sonra KİV-ə müraciətində bildirib.
Demokratiya adı altında öz qeyri-qanuni maraqlarını izləyən və digər ölkələrə qarşı müdaxiləçi siyasətlərini yeridən ABŞ eləcə də Avropa qurumları Gürcüstan parlamentində xarici casusların fəaliyyətini məhdudlaşdıracaq qanun layihəsinin müzakirəyə verildiyi gündən bu ölkəni təhdid etməklə məşğul olublar. Gürcüstan xalqının iradəsi ilə iqtidara gələn hökumət və xalqın səsi ilə seçilən millət vəkillərinin qərb casuslarına fəaliyyət imkanı verməmək qərarı, Amerika və Avropanı son dərəcə qəzəbləndirib. Bu dırnaqarası demokratlar həmin qanunun Gürcüstan parlamentində qəbuluna mane ola bilmədikdən sonra indi Gürcüstan dövlət rəsmiləri və millət vəkillərinə sanksiyalar tətbiq edəcəklərini bildirirlər.
Müdaxiləçi ABŞ və qərb dövlətləri Gürcüstan parlamentinin fəaliyyətini əngəlləmək üçün bu ölkədə geniş etirazlar və iğtişaşlar törətməyə də böyük cəhd göstərdilər və bir daha sübut etdilər ki, qərb dünyası onların hegemonçu niyyətlərinin yolunu kəsən hərhansı xalqın iradəsinə qarşı heç bir qeyri-qanuni və qeyri-insani hərəkətdən çəkinmir.
ABŞ və qərb dövlətlərinin təxribatlarına rəğmən qanun layihəsi Gürcüstan parlament üzvlərinin çoxluğu tərəfindən qəbul edildi.
Gürcüstan xalqının Qərbin müdaxilələrinə qarşı iradə nümayiş etdirməsindən qəzəblənən ABŞ, indi Gürcüstan prezidentinin həmin qanuna veto qoyacağına ümid edir:
"Biz Gürcüstan prezidentinin veto qoyacağını gözləyirik", - Ağ Evin mətbuat katibi Karin Jan- Pyer deyib.
" Bu qanun qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək", - o qeyd edib.
Gürcüstanda müdaxiləçi siyasətinə imkan verilməyəcəyindən nigaran qalan ABŞ, yaranmış vəziyyətlə bağlı Tiflisə nümayəndə göndərib. ABŞ dövlət katibinin köməkçisi Jim O'Brayen Gürcüstan rəhbərləri ilə görüşlərində onları təhdid etməyə çalışıb. Onunla görüşdən imtina edən rəhbərlər isə bu amerikan diplomat tərəfindən açıq böhtanların hədəfinə çevrilib.