Okt 17, 2024 12:29 Asia/Baku
  • Alen Simonyan: '16 müddəanı tam razılaşdırmışıq'

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Bakı və Yerevan sülh sazişini əldə etməyin astanasındadır. Spiker Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində danışıb.

"Bir neçə ay öncə sülh prosesi başlayanda Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş müddəa üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik", – Ermənistan parlamentinin mətbuat xidməti Simonyana istinadla yazıb.

O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallışdırmağa çağırıb.

"Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır", – A.Simonyan söyləyib.

Baş nazir Nikol Paşinyan təxminən bir ay öncə deyirdi ki, saziş layihəsinin 16 müddəasından 13-ü üzrə razılıq əldə olunub, qalan üçü barədə isə qismən razılaşma var. N.Paşinyan BMT-də çıxışında sülh sazişinin 80 faizinin razılaşdırıldığını, sazişi bağlamağı, qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edib.

Azərbaycan prezidenti İlham Əliyev isə deyib ki, "sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz". O, Yerevanın təklifini "tamamilə reallıqdan kənar" saydığını dilə gətirib.

 

Teqlər